Tuesday, May 29, 2007

Çılpaq Məd(H)əNiyyət (2-ci yazı)


«Şairə öz şeirində inciyə-inciyə car çəkirdi ki, harasınasa çəngəl soxmaq istəyib və anası qoymayıb»

Qırmızı İşıq

«Məd(h)əniyyət»ə bir jeni janrdır» dedik.
Amma əslində «Yaxşıca unudulmuş köhnə» də demək olardı. Azərbaycan mədəniyyəti özünün ən böyük adlarının, ən qədim nəhənglərinin zamanında belə mədh və mədhiyyələrlə birbaşa bağlı olub. Nizami Gəncəvidən, Xaqani Şirvanidən tutmuş Səməd Vurğuna, Süleyman Rüstəmədək… Birinci şəxslərə mədhiyyələr söyləyiblər ki, öz həmkarları arasında birinci olsunlar. Şifahi mədəniyyətimizdə də belə olub, yazılı mədəniyyətimizdə də. Və bu gün sağdan sola, soldan sağa həmlələr yeyən Azərbaycan Yazıçılar İttifaqı da elə o ümummilli daxili vəziyyətin müqəvvasıdır.
İş elə gətirdi ki, yazıçı Seyran Səxavətlə bir maşında yol gedəsi olduq. Ordan-burdan söz düşdü və mən nə üçünsə Seyran müəllimdən soruşdum ki, niyə bu gün ədəbiyyatda hadisə sayıla biləcək bir şey yazmırlar. Seyran Səxavət də ani olaraq düşünəndən sonra dedi ki, Şahin, qardaşım, bu ədəbiyyat da yol-zad deyil ki, burada hadisə-filan ola, qəza ola, avariya ola? Mən razılaşdım. Amma onu da deməyi özümə borc bildim ki, Seyran müəllim axı heç qırmızı işığı keçəniniz də yoxdur?
Bəlkə də mətləb üstünə uzaqdan gəldim. Amma doğrudan da ədəbiyyatda bu qırmızı işıq məsələsi məni əməlli-başlı narahat edir.

Nə qədər?
Əlbəttə ki, qəza qədər…


Əvvəlcə, onu deyim ki, mən adi bir oxucu olaraq ədəbiyyatı günün tələblərinə uyğunlaşdıranların tərəfində heç vaxt olmamışam və elə bu səbdəndir ki, ən azı adı ilə ədəbiyyata yenilik gətirməyə cəhd göstərənləri sevmişəm. Anarı və Elçini orta məktəbin ilk siniflərində oxuyanda da ona görə oxumamışam ki, onların o zaman üçün təzə təhkiyə və üslublarını yaxşıca başa düşürdüm. Əksinə, mənə nə «Məsməxanım Məsmədi» atmacası, nə də Mirzoppanın silodka yeməsi maraqlı idi. Çünki qonşuluğunda Siyabəyim, Təzəxanım, Məmmədağa kimi adlar yaşayan və tez-tez bu adların sonrasına xaladan, bibidən, əmidən bir şey artıra-artıra onlara salam verən 7-8 yaşlı kənd uşağını bu növ xitablarla təbii ki, heyrətləndirmək olmazdı. Ya da çörəyinin üstünə tomat yaxıb yeyən sinif yoldaşlarım Faiqin, Fürqanın nəyi həmin o silodkayeyən Mirzoppadan əskik idi ki? Amma mənə bütün bu yeni ədəbiyyatda iki məsələ doğrudan da maraqlı görünürdü. Təkrar olsa da deyim ki, birincisi həmin yazıçıların familiyasızlığı (soyadsızlığı) ikincisi də o müəlliflərin xəbəri bəzən əvvələ, mübtədanı axıra atmaqla ədəbi üsluba gətirdiklərini güman etdikləri «yenilik». Vəssəlam.
Hər nəsə, poçtalyonumuz Mirayətin at belində qapı-qapı gəzərək payladığı qəzetlərin içində «Ulduz» və «Azərbaycan» jurnallarının olması mənə xüsusilə ləzzət verərdi. Bilirdim ki, bu jurnallarda yeni şerlər, hekayələr olacaq, yeni rəssamların rəsm əsərləri olacaq və mən nə vaxtsa bu jurnallarda öz yazdıqlarımın dərc olunacağını təsəvvür edəndə az qalırdı xoşbəxtlikdən dəli olum. Bir dəfə «Azərbaycan pioneri» qəzetinə göndərdiyim yazıların dərc olunmadığına nə qədər kədərlənmişdimsə, həmin qəzetin rəsmi zərfində aldığım cavab məktubuna bir o qədər, bəlkə ondan da çox sevinmişdim. Hansısa Ə.Yasinzadə mənə yazırdı ki, yazdıqarım «bədii cəhətdən zəif olduğuna görə onu dərc edə bilmədik. Daha səylə işləyin». Bu məktubu mən bütün sinif yoldaşlarıma göstərmişdim. Bu o zamanlar idi ki, ədəbiyyatda cəmiyyətdə olan qanunlardan da amansız qanunlar hökm sürürdü. Və mən Elçin və Anarı, Azərbaycanın ilk soyadsız yazıçılarını elə o vaxtlar oxuyurdum. Heç ağlıma da gəlməzdi ki, bu əslində bir tryukdur ki, onunla da Elçin İlayas Əfəndiyevin, Anar isə Rəsul Rzanın oğlu olduğunu camaat bilməsin və qazanacağı ədəbi nailiyyətləri onun öz adına yazsınlar deyə belə addım atır. Mən özümu az-çox oxumuş adam sayıram və inanıram ki, Azərbaycanda mənim kimilər az deyil. Elə buna görə də əmin-arxayın şəkildə yazmağı özümə borc bilirəm ki, bu gün Azərbaycan ədəbiyyatı mənim və ya bizim kimi oxucular üçün maraqlı deyil. Seyran Səxavət bəlkə də ədəbiyyatı yol saymaya, orada qəza-avariyanın olmalı olmadığını iddia edə bilər. Amma mən də tam haqlıyam deyəm ki, ədəbiyyat yoldur və bu yolun qəzaları da ola bilir. Üstəlik yazıçı öz düşüncəsinin fərdi minik maşınında qəzaya uğrayırsa bu zaman qurban yalnız o özü olur. Amma unutmayaq ki, hər bir yazıçı yüzlərlə, bəzən minlərlə sərnişinin taleyinə cavab verən maşinistə də bənzəyir və bu maşinistin səhvi ucundan qatar qəzaya uğrayarsa qurbanların sayı qat-qat artır. Bu gün Azərbaycanda ədəbi qəzaların sayı minlərlədir. Qəzalardan sonra şikəst olmuş, əlini, qolunu yox, beynini, zövqünü itirmiş o qədər bədbəxt var ki… Onları mənzil başına Anar, Əkrəm Əylisli, İsa Hüseynov, Sabir Əhmədov, İsi Məlikzadə və adlarını hələ çəkə biləcəyimiz daha bir neçə yazıçının maşinisti olduğu qatar aparmayıb. Müstəqil Azərbaycanın ədəbiyyatını irəli aparan qatarın baş vaqonu indi naşıların, nabələdlərin əlindədir.

Ədəbi Gölməçə Sindromu

Dünya Ədəbyyatı okeanına çıxışı olmayan, özünün məhdud gölməçə ömrünü yaşayan, ara-sıra hansısa uydurulmuş delfinlərini xatırlayan və bir başqalarının «onlar əslində delfin yox, adicə suiti olub və ya bizim ədəbi gölməçədə qurbağadan savayı heç bir canlı yaşamayıb!» deyə protest edənlərin bəyanatlarından sonra isə səsini xırp kəsən qələmçilər ədəbiyyat qanunlarını pozmaqdan yox, iqtidarın qəzəbindən qorxurlar. Nə qədər qəribə olsa da. Bir vaxt əbədiyyatımız Azərbaycanın özü kimi bütöv əraziyə, özünün müqəddəs dəyərlər sisteminə malik olan vətən torpağı idi. İndi bu vətən torpağında it yiyəsini tanımır. Yeni yazıçılarımız hətta qadın və kişi cinsiyyət orqanlarının adlarını belə açıq mətnlə dilimizə gətirirlər. Dünya ədəbiyyatı yeni-yeni adlar hesabına zənginləşir. Qulağımızın dibində Orxan Pamuk Nobel mükafatı alır. Azərbaycan yazıçıları isə ən yaxşı halda bir-birinin ad gününə tost deyir (yazır), ən pis halda isə (bir-birinin gorunu söyürlər) Mən qoca və geridə qalmış deyiləm. Bunu bəri başdan deyirəm ki, bəzi axmaq və sarsaq yazıçılar özlərinin olduqca dayaz hoqqabazlıqlarına haqq qazandırmaqvə ya guya «dərin düşüncə sahibləri olduqlarını nümayiş etdirmək» fikrinə düşməsinlər. Dalini də tanıyırıq, Fizulini də… Porkyaya da bələdik, Apolinerə də, xülasə Azərbaycan ədəbiyyatının Salamından fransız ədəbiyyatının Şa Qoluna qədər az adam tanımırıq. Necə deyərlər, Vüqar Əhmədi də tanıyırıq… Cəmil Əhmədi də. Kimsə özünü modernist, bir başqası postmodernist, üçüncüsü ən postmodernist adlandırır. Bir də görürsən ki, fındığın birisi çıxdı ortalığa və bəyan etdi ki, mən qoz oğlu qozam. Yaxud, ortaya bir balqabaq dığırlandı və söylədi ki, qlobus dedikləri mənəm. Azərbaycan ədəbiyyatının ümidverici gəncləri olmuş və bu gün də qalan 50 yaşlı Babalar isə biçarəlikdən gedib Zulyaya mahnı mətni təşkil edirlər. Bu Zulya da poeziya ilə poezdi bir-birindən ayıra bilmədiyinə görə, şirin söz qurusu ona ləzzət eliyir, ağzını marçıldadır, milli mədəniyytimiz bir yeni şedevr də alır, müəllifə bir-iki xoş söz, bir iki qaş-göz, sonra isə klip! Beləliklə Baba yapışır, nəvədən, nəvə turpdan… Və dartıb çıxarırlar. Sonra bu turpun qazına bir balaca ritm də qatıb yedlirirlər tamaşaçı-dinləyici auditoriyasına. Xalq başlayır gəyirə-gəyirə oxumağa.

MİLLİ METR YOXSA, millimetr?

Bir zamanlar ustadlara METR də deyərdilər. Məsələn, Bəxtiyar və Şəhriyar da elə bizim Milli Metrlərimiz idi. Bu gün kiməsə Milli Metr demək istəyirsən-alınmır. Uzaqbaşı dönüb olur sadəcə millimetr… Sən demə çox balacaymışlar. Hətta Bəxtiyar Vahabzadə belə. Bunu heç vaxt deməmişəm və yazmamışam. Amma bu dəfə yazacam. Bəxtiyar Böyük şairimizdir. Nəbi Xəzri rəhmətə gedəndən sonra ondan böyük şairimiz qalmadı. Azərbaycan poeziyasında yaşca hamıdan böyük indi odur. ANS TV və ANS ÇM təzə bağlanmışdı və biz bütün saman çöplərinə əl uzadırdıq. Bəxtiyar Vahabzadədən xahiş etdik ki, ANS-in müdafiəsinə qalxsın. Hər halda xitabımızda məntiqəuyğunluq var idi. Biz «Cücələrim» mahnısının müəllifi Qəmbər Hüseynlinin ruhuna yox, «Gülüstan» poemasını yazaraq özünü ÖLKƏ DİSİDENTLƏRİNİN CƏRCƏSİNDƏ BİRİNCİ SIRA, BİRİNCİ YERƏ PƏRÇİM ETMİŞ Şairə müraciət etmişdik. Güman edirdik ki, düz də etmişik. Və o zaman Bəxtiyar Vahabzadə bizə sadəcə olaraq onu siyasətə qatmamağı xahiş etdi. Bəlkə də bu hadisəni xatırlamazdım. Amma bir neçə gün əvvəl Aygün Kazımova ANS TV-nin «Şoubiz» proqramında əməkdaşımızı siyasətə qarışmaqda günahlandıranda yadıma Böyük Şairimiz düşdü və düşündüm: «İlahi xoşbəxt adamalar bir-birinə necə oxşayır. Amma biz bədbəxt oxucular hərəmiz bir cür bədbəxtik!» O gün şair Adil Cəmili hansısa kanalda münsiflər heyətində gördüm. Gənc ifaçıların oxuduğu mahnıların sözlərini saf-çürük edirdi. Yazığım gəldi. Axı bu böyük olmaq istəyən Adil idi. Mən onu hətta ana vətəni Kəlbəcər işğal ediləndə belə bu qədər balaca görməmişdim. Vahid Əziz, İlhamə və İlham Rəhimli ilə birlikdə aşağı səviyyəli bir əyləncə mərəkəsinə harayçılıq edirdi. Məmməd İsmayılı gördüm deyən yoxdur. Ramiz Rövşənin «Nəfəs: kitablar kitabı» da gözlənilən effekti vermədi. Vaqif Bayatlı Önərə bir «Kamança» lazımdır: söz balası, zalım tifili… Ortada roman yox. Povest yox. Hekayə yox. Qeybət. Arxayca danışmaq. Srağagün ədəbiyyatda gedən sinfi mübarizə bu gün ədəbiyyatın özünü yaradanlar ararsında gedir. Sən demə, Anar mənfi Əkrəm müsbətdir. Və ya əksinə. Ya da Anar da, Əkrəm də mənfi, Həmid Herisçi və İlyas Ərnəfəs müsbətdir. Murad Köhnəqala Məqsəd Təzəqalanı, Rasim Qaraca isə Tutu Ağcanı bəyənmir. Guya ədəbiyyatda ölüm-dirim mübarizəsi gedir. Əslində isə Azərbaycan ədəbiyyatında ölüm-dirim mübarizəsi heç cür gedə bilməz. Ona görə ki, bu gün yerli ədəbiyyatımızda dirim faktoru ümumiyyətlə yoxdur. Deməli söhbət yalnız ölüm-ölüm mübarizəsindən gedə bilər ki, burada da sillagizm var. Mütləq ölüm qalib gələcək. Mürəkkəb qapqaradan qıpqırmızıya keçib. Yazıçı Anar deputat deyil. Yazıçı Əkrəm Əylisli deputatdır. Dəyişən budur. Əkrəm Əylislinin yaşı artdıqca boyu balacalaşır. Ümumiyyətlə yaş artdıqca boyun balacalaşması təbiidir. Amma nədənsə mən bunu Əkrəm Əylisliyə heç cür yaraşdıra bilmirəm. Görəsən Lev Tolstoyü gördümü Milli Parkımızda bəstəboylu Əkrəm müəllimimiz? Bu ədəbiyyatdır, mənim əzizlərim! Buranın Allahı yazıçıdır. Bu məkanda topağı da, suyu da, insanları da, yazıçı yaradır. Onlara nə qədər ömür verməyin eksklüziv hüquqları da Allahın əlində deyil, yazıçının ixtiyarındadır. Və Allaha alternativ əsasda məkan yaradan onun bəndəsinə öz bəndəsini qarşı qoyan yazıçıların adam yadına salmaq istəyir ki, sizin və Tanrının yaratdıqları bəzən eyni qədər yaşayır. Məsələn, Balkonski neçə illərdir bu dünyadadır? Bəs Tolstoy? Gördünüz? Birini bəndə yaratmışdı, birini Allah… Hər ikisi bu gün də bizimlədir. Bəs bizim yazıçılarımızdan nə qalacaq: Məhəmməd Peyğəmbərin İsa peyğəmbərin ayağına verilməsi? Yoxsa hansısa «Lakin» qəzeti ki, orada da müəllif öz oxucu bacısı və anasına poetik -pornoqrafik kəşflərini təqdim etmişdi… İsa Hüseynovdan xəbər yoxdur. O gün dedilər ki, guya Nəriman Nərimanovun heykəlinin qarşısında durbinlə gəzirmiş. İnanmıram. Bu yəqin ki, İsa olmayıb. Musa olub. Musa Yaqubun 70 yaşı məni bərk kədərləndirdi. Doğrudan deyirəm. 70 il yaşayasan, sonra hansısa məktəblidən sonruşalar ki, Musa Yaqub kimdir, o da əvvəl qayıtsın ki, Musa kosmonavtdır, özü də tatar. İkinci məktəbli isə baltanı lap kökündən vurdu. Zirədə gürzə saxlayır. Bax belə. Biz də Yazıçılar İttifaqımızın dibini murdarlayırıq. Bilirsiniz, məsələ nə yerdədir? Mən indi fikir verdim ki, bayaqdan yazıram və yazdıqlarım arasında adları çəkilənlərin əksəriyyəti köhnə ədəbiyyat kişiləridir. Bax indicə bir xanım şairəni xatırladım. Deyəsən şeir yazırdı və orda inciyə-inciyə car çəkirdi ki, harasınasa çəngəl soxmaq istəyib və anası qoymayıb. Budur bizim ədəbiyyat. Elə bir ədəbiyyat ki, qanunu yox, qadağası yox, burada törədilən cinayətə görə məsuliyyəti yox, qırmızı işığı yox… Hüseynbala Mirələmov, Ənvər Seyidov… Mənim çox hörmət etdiyim ağsaqqallar. Sadəcə ağsaqqallar. Ağsaqqal kişilər. Pyes yazırlar, tamaşaya qoyurlar. Gərək ki, Üzeyirbəyin vaxtı idi, dəllək opera yazmışdı.

BİZİM RUHNAMƏLƏR


Və biz ona gülürdük.
Bu gün ədəbiyyatın böyük bir qolunu mədhiyyələr burur. Əksəriyyəti Heydər Əliyevin ruhuna yazılan RUHNAMƏlər. Yerli qələm zərbəçilərimiz may (10 mayın bu ayın içində olduğuna görə) və dekabrı (12 dekabrın bu ayın içində olduğuna görə) mədh ədəbiyyatı üçün əsl məqam sayırlar. Nə yaxşı ki, İlham Əliyev belə YAZIQÇILARI dəstəkləmir. Baxmayaraq ki, onun verdiyi təqaüdlər, mükafatlar bəzən belə yazıçı və şairlərin də təknəsinə düşür. Amma insafla danışaq ki, İlham Əliyev mədh ədəbiyyatına investisiya qoymur. Ümumiyyətlə isə qəribə bir dünyagörüşü formalaşır. Yazıçılarımıza elə gəlir ki, onlar indiki halında çox böyük iş görürlər və buna görə onlara Prezident təqaüd verməlidir, ev, avtomobil verməlidir və sair və il axır. Niyə axı,? Axı yazıçılarımız dövlətimizin yaxasında Volodarski tikiş fabriki olmaqdan bezməliydilər axı… Axı istehsal olunan məhsul satılmırsa sex bağlanır, onun sahibi müflis olur, onun buraxdığı məhsul zaydırsa onun iyerinə xaricdən gətirilən məhsul tutur. Mən yazıçılar tanıyıram ki, Çingiz Abdullayevə 1992-ci ildən borcludur. Və qaytarmır. Deyəsən, qaytarmaq barədə də düşünmür. Özü də mən heç vaxt düşünməmişəm ki, Çingiz Abdullayev prezident təqaüdçüsüdür. Və mən Çingizi internetdə elan verən də görməmişəm ki, «ay məni sevən yazıçıya sponsor xələti!»…
Məncə, Azərbaycan ədəbiyyatının ən böyük problemi onun öz kökünə xəstəhallıqla bağlılığındadır. Dövlətdən asılılığına haqq qazandırmasında. Sanki elə belə də olmalıymış. Sanki yazıçı və şairlərimiz elə ömürləri boyu saray tör-töküntüsü ilə dolanmalıymış. Gənc qələmçilərimiz isə qocalarımızın gorunu qazımalıymışlar.
Hərdən düşünürəm ki, görəsən, mənə yazdıqlarımın bədii cəhətdən zəif olması barədə cavab yazan ƏLİAĞA YASİNZADƏ HARADADIR?
Görəsən növbəti Milli Məclisin yeni Əkrəmi, Zəlimxanı və ya ANARI kim olacaq?
Görəsən, Azərbaycanın indi hansısa kəndi varmı ki, ora poçtalyon Mirayət baba Ulduz» və «Azərbaycan» jurnalları gətirəndə hansısa uşağın ürəyi uçunsun?
Və nəhayət ay bizim hörmətli yazıçı və şairlərimiz!
Niyə öz işinizlə məşğul olmursunuz ki, sizin işlə başqaları məşğul olurlar? Axı siz də başqalarının işinə qarışırsınız… Qarışır və o işin iiçində itirsiniz. Olursunuz Əylisdən Əylisəcən.




Reference: ANSPRESS

No comments: