Monday, January 14, 2008

Özünə uduzmuş prezident

Necə deyərlər, borclu borclunun prezidentliyini istəyər

Mixail Saakaşvilinin kütlənin önündə parlament zalına daxil olduğu, Eduard Şevadnadzeni hakimiyyətdən sözün həqiqi mənasında qovduğu kadrlar artıq tarixin mülkiyyətidir.
O, Qafqaza bizdən ötrü yeni lider tipi kimi daxil oldu.

O, inqilablar fəsiləsinin tikanlılar tipinin qızılgülü kimi cazibədar görkəmiylə hamının yadındadır.

O, Amerika Birləmiş Ştatlarının prezidenti Corc Buşu Qafqazın düz göbəyinə qədər gətirimiş dövlətin rəhbəri kimi diqqət mərkəzində oldu.

O, ən kəskin və sərt bəyanatlarla Moskvanı ittiham edəndə də, öz şəxsi mühafizəsinin müşayiəti ilə Rusiya hərb maşınının qarşısına çıxanda da heyrətlənməmək olmurdu.

Seçicilərin 97 faizinin səsini qazanaraq prezident seçilmiş Mixail Saakaşvili hakimiyyətə böyük iddialar və hədəflərlə gəldi. O keçmiş prezidentin dövründə lağa qoyduğu pensiya həddini maksimum artırmaqdan tutmuş, balaca və solğun Gürcüstanın böyük və işıqlı gələcəyinə qədər hər şeyi nəzərə almış, buna aparan yolda ilk növbədə yol polislərini islah etməyə başladı. Amma islahatların gözlənildiyindən, daha doğrusu vəd olunduğundan ləng getməsi öz sözünü deyirdi. Böhran kütləsi sıxlaşırdı. Gürcülər qocanın onlara vermədiyi quyruqu cavandan gözlədi. Çox gözlədi. Xahiş etdi. İstədi. Tələb etdi. Və nəhayət quyruq əvəzində yumruq aldı.

Saakaşvilinin müxalifətin qarşısına qətiyyətli, dəyənəkli, silahlı, şırnaqlı çıxması onu adətən Şevadnadze ilə müqayisə edənlərə ilk dəfə imkan verdi ki, bu paraleldə müsbəti keçmiş qocanın və qoca keçmişin qarşısına yazsınlar. Saakaşvili öz idarəçiliyinin ən çətin anlarını yaşamalı oldu. Müxalifətlə toqquşmada xal hesabı ilə qalib gələn gənc prezident növbəti addımlarında ona lazım olacaq qətiyyətin dərəcəsini yenidən hesablamaq məcburiyyətində qaldı. Saakaşvilinin növbədənkənar prezident seçkiləri təyin etməsini belə adlandırmaq olar.

Seçkiqabağı təbliğat üçün hava və su kimi efir ehtiyacı olan müxalifəti bu imkanlardan məhrum edən Saakaşvilinin seçkilərə qorxmadan getdiyini demək olmaz. O bu seçkilərdə təkcə öz kürsüsünü yox, Harvard universitetinin diplomunu, Qərbin dəstəyini qazanmış demokrat lideri obrazını da girov qoymalı olurdu. Görünür elə buna görə də seçkilərdə oğrun dəstək aktından, daha doğrusu altşüurun imkanlarından da bəhrələndi. Gürcüstanın NATO-ya üzv qəbul edilməsinə xalqın razılığını, parlament seçkilərinin bu ilin yazında keçirilməsi ilə bağlı rəyi də məhz seçki günü öyrənmək bu niyyətə xidmət edirdi. Vətəndaşların yadına NATO Saakaşvili ilə düşürdü. Öz səsi, vicdanı və qutu qarşısında tək qalmış vətəndaş- Saakaşviliyə NATO-ya, NATO-ya isə Saakaşviliyə görə səs vermiş olurdu. Belə də oldu. Əhali NATO-nu seçdi.

Onu da unutmayaq ki, hadisələrdən əvvəl və sonra Rusiyanın bölgədəki oyunu və müxalifət qüvvələrinin tərkibinin Kremlə işləyənlərdən ibarət olduğun reklam edən video-dəlillərin təəssüratı da öz işini görürdü. Belə olan halda səs verən vətəndaş müxalifətə səs verməklə, həm də nəylə risk edə biləcəyi barədə də özünə hesabat verirdi. Başqa bir tərəfdən oyun elə qurulmuşdu ki, müxalifət də narazı qalmamalıydı. Parlament seçkilərinin payızda yox, bu ilin yazında keçirilməsinə referendumda razılığın alınması dolayısı ilə müxalifətin tələbinin yerinə yetirilməsi idi. Hər halda seçkilər bitdi. Verilən, alınan səslər verildi və alındı. Saakaşvili yenidən prezidentdir. O müxalifətə qalib gəldi. Amma özünə, əvvəlki- 97 faizlə qalib gəlmiş Saakaşviliyə məğlub oldu. 52 faiz də üstünlükdür. Amma bu artıq o deməkdir ki, gürcülərin az qala yarısı yeni prezidenti dəstəkləmir. Saakaşvilinin keçən dəfə qazanlıdığı səslər ona öz planlarını həyata keçirməyə tam azadlıq verirdi. Bu dəfə o təkcə 52 faizin deyil, həm də 48 faizin girovudur. İndi onun ölkəsində müxalifət prezidentin arzu etmədiyi, amma Qərbin ürəyincə olan tərzdə güclüdür. İndi Mixail Saakaşvili daha ehtiyatlı olmalıdır. Qarşıdan parlament seçkiləri gəlir. Aprelə çox az qalıb. Saakaşvili yəqin ki, müxalifət qüvvələrinin əksəriyyət təşkil edəcəyi parlamenti alacaq. Necə deyərlər Gürcüstan Ukraynanın keçdiklərini təkrar etməli olacaq. Prezident və yeni parlament münasibətləri isə güclü müxalifət və nəzarət olunan dövlət başçısı kontekstində qurulacaq. Bu isə həm də o deməkdir ki, Saakaşvili müxalifətdən daha arxayın ola bilməyəcək. Müxalifət də elə ondan. Qərbə də elə bu lazım idi. Mixail Saakaşvili gənc yaşı üçün çox müdrik tərpəndi. Riyazi baxımdan yanaşaq. Saakaşvili 2008-ci ilin yanvarının əvvəlinə öz ilk 97-faizinidən 45 faizini itirərərk gəldi. Seçkilər yanvarda yox, məsələn apreldə və ya mayda keçirilsəydi, Prezident birinci turdaca məğlub olacaqdı. Taleyin istehzasına bax. Azərbaycanlılara 8 il əvvəl Şevardnadzenin çantadaşıyanları deyən Saakaşvili bu dəfə özü borçalıların qapısını döydü. Və ən maraqlısı da elə burasıdır ki, öz xalqı ondan az qala üz dönqdərdiyi bir vaxtda Azərbaycanlılar ona 87 faiz səs verdi. Ermənilərdən cəmi iki faiz geridə qalan həmdil, həmqəlb, həm xarakterlərimiz Saakaşvilini prezident etdilər. Necə deyərlər, borclu borclunun prezidentliyini istəyər. Seçkilər Qərbin öz kəsi və özgəsinə yanaşma tərzini də xatırlatdı. Necə deyərlər, məsələn Azərbaycanda seçkilərə dörd gözlə baxan Qərb, Gürcüstana gözüyumulu baxdı.
Gürcüstanda keçirilən prezident seçkilərindən çıxan nəticələrə baxaq.
1. Əvvəla, Saakaşvili qalib gəldi. Bunu Qərb və Saakaşvili istəyirdi.
2. Müxalifətin tələbi yerinə yetirildi və parlament seçkiləri vaxtından əvvəl, bu ilin yazında keçiriləcək.
3. Gürcüstan NATO-ya girmək qərarını referendum vasitəsilə xalqın iradəsinə çevirə bildi.


İndi qalır yazı gözləmək. Məncə hər şeyin bitdiyini yalnız onda demək olacaq. Və ya elə başlandığını da.

Mirşahin



Reference:

ANSPRESS

Thursday, January 10, 2008