Saturday, June 2, 2007

Çılpaq MədəNiyyət (3-cü yazı)


"Hələlik isə əlinizi öpmək üçün uzatmayın, əziz aktrisalar! Bəlkə də min yerə vurmusunuz"…

Həyatın Dibində

Ya 1985, ya da 1986-cı il idi.
… Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin ya ikinci, ya da üçüncü kurs tələbəsi olan mən (Mir Şahin) Akademik Milli Dram Teatrının səhnəsində gedən «Həyatın dibində» tamaşasına baxırdım. Teatrın bütün görkəmli, aparıcı aktyorlarının (Səməndər Rzayevdən Yaşar Nuriyevədək) iştirakı ilə oynanılan bu əsər çox az tamaşaçı toplamışdı. Arxa sıralar demək olar ki, bomboş idi…
Mən orta sırada oturmuşdum. Aktyorlar özləri belə əsnəyirdisə deməli baxımlı, maraqlı nəyəsə ümid etmək artıq şey olardı. Darıxırdım. Bekarçılıqdan, barmağıma azca böyük olan üzüyü (anamın hədiyyəsi idi) çıxarıb taxırdım. Bir neçə dəfədən sonra üzüyü yerə saldım. Zalda kavrolit olduğundan üzük yerə düşəndə səs çıxarmadı. Əyildim, baxdım. Qaranlıq olduğundan tapa bilmədim. Düşündüm ki, tamaşa bitər, işıqlar yanar, taparam. İynə deyil ki? Bir də teatr tamaşaçısının gözü-könlü mənim aləmimdə sıravi bir küçə adamının gözü-könlü ilə müqayisədə fərqli olmalıydı. Uzaqbaşı bu üzük dığırlanıb lap ön cərgəyə düşəcək, səhnənin divarının dibində dayanacaqdı da. Burada da onu xadimələr tapacaqdı, vəssəlam…. «Həyatın dibin»ə düşmüş üzüyümü buradan rahatca çıxarmaq üçün sonu gözlədim. Tamaşa bitdi. İşıqlar yandı. Tuşumda olan bütün sıralardakı oturacaqların altını bir-bir axtardım… Xadimələrə yaxınlaşdım… Boş yerə. Hamısı əbəsmiş. Üzüyüm itmişdi.
…Doğrudur, sonralar da tamaşalara gedirdim. Amma zala girəndə üzüyüm yadıma düşürdü, binadan çıxanda da üzüyüm yadımdan çıxırdı. Əslində mən ömrümdə yediyim ən dadlı buterbrodların da Akademik Dram Teatrı ilə bağlı olduğunu, eləcə də günlərin bir günü elə həmin səhnədə Lorkanın «Qadın faciəsi» əsərində vurulduğum gənc aktrisanın (Mehriban Xanlarovanın) ardınca heyran-heyran düşüb onu evlərinədək izlədiyimi də xatırlaya bilərdim. Yaxud «İblis»-də Hamlet Xanızadənin qəhqəhələrini, «Sizi deyib gəlmişəm!»də Məmmədov Həsənin ustalıqla Məmməd Həsən əmiyə keçdiyini yadıma sala bilərdim. Amma bütün bunları qəsdən etmirəm. Çünki Azərbaycan Dövlət Milli Dram Teatrının ayrı-ayrı aktyorları, aktrisaları, tənqidçiləri ekrana yayxanıb əzəmətli olanlardan, möhtəşəm keçənlərdən kifayət qədər danışıblar. Ağızlarını marçıldada-marçıldada Məmmədrza Şeyxzamanov (Burada gərək ki, «a» hərfini 6 dəfə uzadıblar…), Abbas Mirzə Şərifzadə (burada da mütləq «müqtədir sənətkar» kimi bir söz birləşməsi tapıb aktyorumuzun adının əvvəlinə atıblar), İsmayıl Osmanlı (amma bir şərtlə ki, bu adı və soyadı deyəndə dərindən ah çəkiblər…) və onlarla başqa səhnə ustalarını sadəcə tərifləyiblər. (Hə, yalnız tərifləyiblər!. Professor Mehdi Məmmədovun Azərbaycan televiziyası ilə apardığı verilişlər istisnadır. Onun şərhləri öz dərinliyi, yanaşmasının peşəkarlığı və qərəzsizliyi ilə seçilərdi) Qalan teatrşünaslar hansısa teatr tamaşasından danışarkən əsərin məzmununu sadəcə sadalayırdılar, ya da uzaqbaşı deyərdilər ki, məsələn, C.Cabbarlının Almazı müsbət obrazdır, İmamyar qolçomaqdır, Fuad gərək nişanlısını atmayaydı… Öz aləmlərində də elə bilərdilər ki, azı Stanislavskidirlər… Və ya qəzetlərdə vaxtaşırı dərc olunan resenziyalarda da bir-iki növbətçi tənqidi fikir yer alarldı ( məs. «Elxan Ağahüseynoğlu və ya Sadıq İbrahimov öz rolunun öhdəsindən gələ bilmədi» kimi), qalan abzsalar isə Leyla Bədirbəyli, Ağasadıq Gəraybəyli kimi təcrübəli aktyorların tərifinə həsr olunardı. Və bəlkə də «Hicran» kimi tamaşaların Azərbaycan komediya məktəbinin zirvə nöqtəsi olması belə tənqidçi dayazların hesabına mümkün oldu. Baxmayaraq ki, Cəlil Məmmüdquluzadənin «Ölülər»i də güldürmək imkanına malikdir. Yeri gəlmişkən, bu gün səhnəmizin bəlkə də ona «Mənim ərim Dəlidir!» dən qat-qat çox ehtiyacı var. Xülasə bax elə təxminən bu səbəbdən də mən «görkəmli» teatrşünaslarımızın yolu ilə getməyəcək, onların liberalist qeydlərinin üstünə öz qeydlərimi yükləməyəcəm…
Mən heç o barədə də ətraflı danışmaq niyyətində deyiləm ki, teatra ilk dəfə biz tələbəliyin ilk illərində, müəllimimiz Məmmədbağır Həyatzadənin təşəbbüsü və təşkilatçılığı ilə getmiişdik və o zaman kiçik zalda Anuyun «Medeya» tamaşası oynanılırdı. Təbii ki, biz tamaşanın məziyyətləri barədə danışmaq istərdik, amma qocaman müəllimimiz, tələbə yoldaşımız Ədibənin əllərindən tutub Amaliya Pənahovaya necə zəng etdiyini, onun gözləri ilə necə ovsunlandığı barədə aktrisaya etirafı barədə təəssüratlarını bizimlə bölüşdüyünü görəndə təbii ki, susmuşduq. Teatr mövzusuna bir də Yaşar Nuriyev və Firəngiz Mütəllibova ilə fakültəmizdə keçirilən görüşdə qayıtmışdıq. (O zamanlar Yaşar və Firəngiz Elçin və Gülnar obrazları ilə ölkənin ən populyar aktyor və aktrisası idilər. Hətta Bakının qızları Firəngiz Mütəllibova kimi boyunlarını azca yana əyirək yeriməyə başlamışdılar…).

Sənət Separatçılığı

Ola bilsin ki, mülahizələrim kiməsə qatma-qarışıq görünsün. Amma mən oturacaqlarının hansı birininsə altında üzük itirdiyim milli teatrımız barədə qatmasız-qarışıqsız danışa bilmirəm. Potensialı etibarilə balaca bir teatr formalaşdırmağa kifayət edə biləcək aktyor heyətinə malik paytaxtda neçə teatr var. VAHİD MİLLİ TEATRIMIZIN ƏRAZİ BÜTÖVLÜYÜNÜN PARÇALANMASI NƏTİCƏSİNDƏ YARANMIŞ KİÇİK SƏHNƏ UCQARLARI SADƏCƏ OLARAQ BİR SƏNƏT SEPARATÇILIĞI MƏNZƏRƏSİDİR.
Bəlkə də sərt səsləndi.
Amma tutaq ki, elə Milli Dram Teatrının səhnəsində Məleykə Əsədova ilə rəqabətdə Gültəkini oynayacağına ümidini azı yaxın 10-15 ilə konservləşdirməyə məcbur olan gənc aktrisa ömrü boyu 4-cü xadimə olmaq taleyilə, başqa, nisbətən az nüfuzlu teatrda məsələn, Hamleti oynaya biləcəyinə ümid bəsləyən gənc Baş Teatrımızda hələ bir 6-7 il də Nəriman Nərimanovu Tağıyevin evində müşayiət edən 2-ci qızıl əskər rolu ilə barışmaq istəmir.
Deyəcəksiniz ki, təbii seçmədir. Baş rolları gərək layiqlilər oynasın. Razıyam. Amma biz keçən dəfə milli ədəbiyyatımızın böhranından danışarkən təsadüfən «nədənsə yalnız köhnə kişilərdən» danışdığımızı xatırlamamışdıq. İş elə gətirib ki, teatra da təzələr çox gec gəlir. Və köhnələr də heç cür getmək bilmir. Və inanın mənə ki, burada Xuraman və Fidan Qasımovalorın, yaxud Lütfiyar İmanovun Opera və Balet teatrından incikliyinin səbəbləri ilə Kamal Xudaverdiyev və Fuad Poladovun Milli Dram Teatrından narazı qalmasının motivləri arasında heç bir fərq yoxdur. Əslində gərək, böyük səs adamı, SSRİ Xalq Artisti Lütfiyar İmanov 70 yaşında «Koroğlu» oynamaq istəməsin. Koroğlu öz nərəsi ilə rəqiblərini kar edib. Özünün qulaqları yaxşı eşidirdi axı. Ona görə də əvvəlcə gərək bizim Koroğlunun öz qulaqları heç olmazsa yaxşı eşitsin. Barı musiqini eşidə biləcək qədər.
Tamaşaçını uşaq yerinə qoymaqla səhnəyə 50 yaşında Leyli, 55 yaşında Məcnun buraxmağın heç bir fərqi yoxdur. Dünən Leylini oynayan bu gün Leylinin anasını, taleyilə barışaraq oynamalıdır. Yəni yaşlı aktyor öz yaşına uyğun rollara yavaş-yavaş öyrənməlidir, tamaşaçısının, dinləycisiinin gözü qabağında qocalmağa səmimiyyəti çatmalıdır. Və nəhayət dəxli yoxdur, sən Milli Dram Teatrının rəhbərisən yoxsa, Gənc Tamaşaçılar Teatrının, heç vaxt sənin ağlına «Aydın» tamaşası üçün dövlətin verdiyi vəsait hesabına qurulmuş dekorasiyanın taxtalarını oğurlayıb öz bağına aparmaq gəlməməlidir. (Allah sənə rəhmət eləsin, Əlabbas Qədirov!»)

Xəcalət Üçün Alqışlar

Milli Dramaturgiya ölüm ayağındadır. Rəhmətlik İlyas Əfəndiyevdən sonra yaranmış boşluğu bir az Elçin (yazıçı), bir az Bəxtiyar (şair) və bir az başqa şair və yazıçılar doldururdusa, indi bu yükün altına əsasən zavod direktoru, hakim, səfir, aktyorların özləri girir. Bəlkə də bu özlüyündə dəhşətli deyil. Dəhşətli orasıdır ki, artıq Nurəddin Mehdixanlı, Ramiz Novruz kimi peşəkar aktyorlar məni zavod direktorunun əsəri əsasında qoyulmuş «Xəcalət» tamaşasına dəvət edir və tamaşanın çox yaxşı olduğuna inandırmağa çalışır. Bəlkə burada da bir elə böyük dəhşət yoxdur. Bəlkə daha dəhşətlisi budur ki, mən gedir, baxır, İNANIRAM!!! Deməli, zövqümüz bu əsərə yaxşı deyə biləcək şəkil alıb!

BU GÜN ƏN YAXŞI TAMAŞAMIZ XƏCALƏTDİR!

Zorən dramaturqlar səhnəmizi ələ keçirib.
HESABAT-da öz işi ilə məşğul olmayan ədəbiyyat adamının yerini başqalarının tutduğunu yazmışdıq. Həmin dərdi bütün diaqnostik nüanslarına kimi teatrımıza da aid etmək olar. Fikir verirsinizsə, mən teatrlarımızın bir neçəsinin adını çəkir və onların bir-ikisini ümumiləşdirmə predmeti seçməklə qalan teatrlarımızın da vəziyyətinin fərqli olmadığını sübut etməyə çalışıram. Televiziya, yoxsa teatr tamaşası olmasından asılı olmayaraq yazıçılarımız güruhun zövqünə enir və Vaqif Səmədoğlu «Bəxt üzüyü» yazır. Əlbəttə mövcud ədəbi mühitin ərköyünləşdirdiyi, Azərbaycanın müasir ədəbiyatının şübhəsiz ki, böyük və istedadlı adamlarından olan Vaqif Səmədoğlunun Bəxt Üzüyü mənim teatrda itirdiyim o üzük deyil. Amma fərqi yoxdur. Hər iki üzük itib. Mənim üzüyüm zalda. Vaqifin üzüyu səhnədə. Əslində Vaqif içərisində baş vermiş çevriliş nəticəsində daxilində hakimiyyəti itirib. O imkan verib ki, kütlə onun içindəki intellektual üsuli-idarəni devirsin. Doğrudanmı kifayət qədər istedadlı və maraqlı Vaqif tarixin yadında Moşu Göyəzənli ilə qalmaq arzusundadır?!

Səhnə Aydınlıq Deyil

Razıyam ki, Azərbaycan xalqının təfəkkürü melodramanı rahat həzm edir. Bu millətin əzələsinin boş, ürəyinin dolu olmasının nəticəsidir. İndi allah hamını şotland yaratmır ki… Bu aydındır. Amma aydın olmayan da var. Bu da məsələn elə «AYDIN»dır. Teatrımızda neçə illərdir ki, tamaşaçılarımızın ağlaya-ağlaya, üzü-gözü gələcəyə «dəsmal eləyib yanınca apardığı bu tamaşa»nın mənən köhnəldiyi məgər aydın deyil? Axı Cəfər Cabbarlı o əsəri məhz sinfi mübarizədə dramaturgiyanın konkret rolu barədə sovet ədəbiyyatının tələbləri əsasında yazmışdı.
Aydın proletariatı kapitalizmə qarşı qaldırmalıydı.
Axı deyəsən Azərbaycan daha sosializm qurmur?!
Bəs onda bu zavallı, bədbəxt Aydını ləçəklərinə qan çilənmiş Gültəkini ilə birlikdə niyə qoymuruq ölsün öldüyü yerdə? Yaxşı tutaq ki, Cabbarlının yaradıcılığı ölməzdir. Necə deyərlər, xub! Onda gəlin Sevili dirildək də. Azad Qadın heykəlinin acığına çadrasını bərk bağlayan yeni ana və yeni bacılarımızdan ötrü maraqlı ola biləcək bu əsəri tamaşaya qoyaq. Belə getsə Almaza da növbə çatacaq… Epikur deyirdi: «İnsan gərək ölümdən qorxmasın. Ona görə ki, insan olanda ölüm olmur, ölüm olanda insan. Və ona görə də onlar bir-birini görmürlər. Və elə bu səbəbdən də inanmıram ki, müasir Azərbaycan teatrı senzura görür. Biri olanda o biri olmur. Bu səbəbdən. Və məncə Bəxtiyar Vahabzadə də özünün əvvəl 3 saatdan artıq olan «İki Vəkil» əsərinin qısaldılmasına senzura qayçısının əməli kimi yanaşmayıb. Bəlkə də onu inandıra biliblər ki, əsər uzundur: guya vəkillər bir-biri ilə çox danışırlar. Və sair və ilaxır.
Amma ONLAR məni inandıra bilmədilər.
Bəxtiyarı 50 dəqiqəlik kiçiltməklərinin səbəblərinə inandıra bilmədilər.
Bundan sonra qoy o tamaşada bədbəxt, dişlərinin iti yerləri kütləşdirilən çörək vəkili nə qədər istəyirsən qışqırsın. Bata biləcək ki…
Qışqırmaq isə teatrlarımızın başlıca məziyyətidir. Bunun da səbəbi səhnəmizin akustikası ilə bağlı yaşanan xroniki problemlərdir. İş burasındadır ki, səhnələrimiz (filarmoniyası da belədir, Dram Teatrının səhnəsi də) keyfiyyətsiz səs avadanlığının sayeyi mərhəmətində aktyorlarımızı bağırmağa vadar edir. Ona görə də bizdə aktyorlar heç vaxt pıçıldamırlar. Tamaşaçılardan fərqli olaraq. Bizdə aktyorlar və aktrisalar həmişə bağırmalıdır. Bağırmalıdır ki, səs sonuncu sırayadək gedib çatsın. Ona görə də bizim aktyor məkbəti «Bəs baş əymədiniz əymədim bəli! Əyilməz vicdanın böyük heykəli!»nin bağıran intonasiya modelindən çıxmır. Opera və Balet teatrımız hələ şükürlüsüdür. Amma bu səhnəyə çıxan yeni ifaçılardan birinə Gülxar xanım Həsənovanın verdiyi öyüd-nəsihət də heç vaxt yadımdan çıxmır: «Mikrofona arxayın olma, qışqır, qızım! Özü də səhnənin lap ucuna gəl. Arxada səs boğulur!»
İndi şükür allaha ki, teatr binalarının əksəriyyəti təmirə bağlanıb. Ola bilsin ki, səhnələrin akustikası xüsusi diqqət çəkəcək. Və biz hətta sovet teatrlarının çoxdan rədd etdiyi qışqırıq tərzindən əl götürəcəyik və teatrda obrazlar qışqırmayacaq, sadəcə söhbət edəcək.

Oxşanan Zövqlər

Teatr məbəd deyil.
Əlbəttə bu aktyor və aktrisaların özlərinin uydurduğu təsəllidir ki, var. Onlar əslində tamhüquqlu insan həyatını elə səhnədə yaşayırlar. Yerə enəndə bütün yalançı əzəmət və təntənələri itir. Özlərini bələdiyyə-parlament, kamera-həbsxana teatrı adlandırmalarından asılı olmayaraq Azərbaycan teatrının əsil təyinatı əyaələtçilikdir. Baxmayaraq ki, aktyor və aktrisalarımız içərisində istedadlıları az deyil. Amma onlar çox aşağı keyfiyyətli mətnlərin əlində girovdurlar. Dramaturgiya demək olar ki, yoxdur!!! Rejissorlarımız yoxdur. Müğənni qızı yük qatarının kuzovuna niyə mindirdiyini, bir-iki kadr sonra isə onu elə həmin qatarın relsi boyunca ora-bura niyə qovduğunu heç özü belə anlamayan, siyasi şərhçi Bovinin təbiri ilə desək POLUZNAY-KLİP REJİSSORLARInın səhnəmizə verəcəyi yeniliklər ancaq qara zırramaların zövqünü oxşaya bilər. (Oxşamaq ölünün ünvanına, ağlayaraq avazla xoş sözlər söyləməyə deirlər. Və beləcə bizim zövqümüzü öldürüb oxşayırlar!) Və yaxşı ki, belə bezdarnı rejissorlar sürüsünün ağlına şeytan (onlarınkı allahdan keçib…) özlərini ciddi səhnədə sınamaq kimi təhlükəli ideyanı salmır. İstanbul tətilinə çıxmış tamaşaçının gözünün qabağından pərdəni növbəti HESABAT-da qaldırmağa çalışacağıq. Hələlik ona da min şükür ki, biz bu gün heç olmazsa Mərahim Fərzəlibəyovun, Bəhram Osmanlının rejissorluğunun altını çəkirik.
Teatrda dəyərlər və qiymətlər sistemi dəyişir.
Aktyorları, aktrisaları daha çox uğurlu rollar yox, məsələn prezident təqaüdü münasibətilə təbrik edirlər.
S.Vurğun adına dövlət Rus Dram Teatrında da vəziyyət ruscadır.
Özlüyünldə maraqlı layihələr olan YUĞ (Vaqif İbrahimoğlu), PANTOMİMA (Bəxtiyar Xanızadə), Şəki Teatrı (Cahangir Novruzovun vaxtında təbii ki…), son zamanlar isə ÜNS (Nərgiz Paşayeva) barədə isə əlahiddə danışmaq istəmirəm. Çünki əlahiddə götürülmüş ölkədə kommunizm qurulmur.

Duz -Məzə Yerinə Şit Məzi

Teatrımızın ağlamalı yerləri barədə bir az dərdləşdik. İndi isə bir az da gülməli yerləri barədə. Əvvəlcə özümüz üçün bir planka (son hədd) müəyyənləşdirək. Bu olsun «O olmasın, bu olsun!». Və indi bu filmdə çəkilən aktyorların məharəti, onların ağır taxta oyunu nəticəsində yaranan təbii gülüşü xatırlayaq. Əlağa Ağayev, Ağasadıq Gəraybəyli, Möhsün Sənani, Barat Şəkinskaya, İsmayıl Osmanlı və sair və il axır. İl axır da oldu. Bu nəsillə sanki. O aktyorların oynadığı obrazlardan qalan «zərbül-məsəlləri», «qanadlı ifadələri» xatırlayaq. «Bir bizə təşrif buyur!», «Hazırlıqlı gəlim, yoxsa», «arağ içmisən pulun ver də a bəy!, «heç hənanın yeriydi?», «bir dəli şeytan deyir bunların…», «papağımı belə qoysam…», «kim olsa yaxşıdı, bizim bu Məşdi İbad?!», «bu gəlini gətirəndə baxmazlar ki, kişidi, ya arvad?!», «babalı Sərvərin boynuna!»…, «Bəyin iki adaxlısı var!», «Bəs mənim bir abbasım hara getdi?!»,»Axı bu bir parça kağı nədi ki?»…
Dayanaq.
Bütün filmin ssenarisini köçürməyə lüzum yoxdur!
Sadəcə söhbəti bu sualın üzərinə gətirirəm ki, Azərbaycan komediyaçılığının belə bir şedevri olduğu halda biz niyə dayandıq və sürətlə başı aşağı yuvarlandıq? Seçdiyimiz nümunədə guya komik, fiziki hərəkətlər hesabına tamaşaçı güldürmək momenti demək olar ki, yoxdur. Yalnız Lütvəli Abdullayevin bir-iki təşəbbüsü istisna olmaqla: Üzeyirbəyin versiyasına görə, bəylik dövrünün dayaqlarının zəiflədiyini göstərmək məqsədilə düşünülmüş pilləkən və onun laxlaması nəticəsində Lütvəlinin yıxılması… Və ya ziyafət səhnəsində Lütvəlinin acgözlüklə budu dişinə çəkməsi. Amma dərhal da qeyd edim ki, sadaladığım epizodlar ümumi kontekstdə yersiz görünmür, əksinə ümumi gülüş mənzərəsini tamamlayır. Və nəhayət, o zaman Lütvəli Abdullayev tək idi. Sonradan səhnənin Lütvəliləşməsi hərəkatı başlandı. Əllərin, ayaqların cəlb olunması ilə artıq hərəkətlər, yıxılmalar, karlığın, korluğun, liliputluğun gülüş hədəfi kimi seçilməsi, gözlərin bərələrək yerindən çıxması…
Bu özünün pikinə, acınacaqlısı burasıdır ki, indi də Azərbaycan Musiqili Komediyaçılığının zirvə nöqtələrindən sayılan «Hicran» tamaşasında çatdı. Dadaşbalanın kəkələməsi nəticəsində alınan «B-bı-bı-bı-bı-bıb… B-bı-bı-bı-bı-bıb… B-bı-bı-bı-bı-bıb… Bu boyda!» kimi replikaların, S.Aslanın və hacıbaba Bağırovun səhnədə çıxdığı saçyoldunun hesabına alınan effektlər… Nəsibə Zeynalova, Səyavuş Aslan və Hacıbaba Bağırovun bir-birinə təkan verə-verə tamaşada əl, ayaq və sair əzaların hesabına gülüş yaratmaq cəhdləri auditoriyanın kütləvi şəkildə QIDIQ TEATRINA qatılmasını sürətləndirdi. Hətta Şəmsi Bədəlbəyli kimi yüksək zövqlü rejissor belə kütlənin zövqü səviyyəsinə enməyə məcbur oldu. Və bununla da Azərbaycan Komediyaçılığı ağ gülüşdən qara gülüşə keçdi. «Alə, bu nöşün belə olodu, alə, Çubuş?!», «Qoyunun biri bax bu əmoğlu boyda!», «Ləhlü-lülü!» və sair…
Azərbaycan Gülüşünün reanimasiya olunacağına az-çox ümid KVN tetatrı ilə yarandı. Bu məktəbin orta statistik hazırcavablıq mühitinə təsiri nəzərə çarpacaq idi. Xüsusilə, KVN öz repertuarını SNQ məkanınıa hesablayanda maraqlı idi. İndi KVN də özünün enmə bucağındadır. Daha doğrusu onun teatr fəaliyyətində az-çox nəsə qalıbsa belə, KVN filmlərində vəziyyət acınacaqlıdır. Sətiraltılıq, bir budaqda oğurub minbir budaq siləkələmək, birbaşalıq, cəsarətlik kimi sırf ilkin kvn-çilik xüsusiyyətləri yerini şitliyə, bayağılıya verməkdədir.
Nəsibə Zeynalova, Hacıbaba Bağırov və Səyavuş Aslanın əhval-ruhiyyəmizə gətirdiyi dartıb güldürmə, qıdıqlama üslubunu onların dəyişəcəyi barədə şəxsən mənim təsəvvürlərim özünü doğrultmadı.
KVN, onun yaratdığı gülüş və yaratmağa çalışdığı qəhqəhə, duz və məzə əvəzinə səhnəmizə ŞİT və MƏZİ gətirdi.
İndi tamaşaçı da, ifaçı da zövq boyunca enməkdə. düşməkdə «Tam Sərbəst»dir. «Bu şəhərdə» balağan teatrı özünə bala əkir, doğur… Gülməlimiz, ağlamalı, ağlamalımız gülməli…
Və bir şeyə qəti əminəm ki, hardan başlasaq da BİR ÜZÜK DAİRƏSİ BOYUNCA dövran edəcək anamın mənə bağışladığı və mənim tamaşa zalındaca itirdiyim həmin üzüyün mövcud dramaturgiyanı qarğıyan ruhunun dairəsindən çıxa bilməyəcəyik. Bu anamın bəxt üzüyü idi bəlkə də. O üzüyün itkisi isə mənim bəxtimə düşdü… Süleyman peyğəmbər də deyilki ki, üzüyümüzün qaşı təsəlli yeri olsun. Baxıb «bu da keçər» oxuyaq… Bizim üzüyümüz yoxdur.

Hələlik isə əlinizi öpmək üçün uzatmayın, əziz aktrisalar!
Bəlkə də min yerə vurmusunuz…

Pərdə Nə Gözəldir, Necə Qəşəngdir…

Və hörmətli aktyorlarımız tamaşaçılara hələlik baş əyməyin. Onu əvvəlcə qaldırmaq lazımdır!
Nəsə.
HÖRMƏTLİ TEATR BÖYÜKLƏRİ!
Səhnə olanda nə olar…
Arada pərdə olsa yaxşıdır!

P. S. Və görəsən o üzüyü kim tapacaq?

"HESABAT" jurnalı


Reference: ANSPRESS