Tuesday, May 22, 2007

Çılpaq mədəniyyət

Başa yox, ombadan aşağı işləyən musiqimizi dinləyənlər musiqinin ruhuna qatılıb uyumaq yox, ifaçı ilə yatmaq barədə düşünürlər

Dəbdə olan dildə deməyə çalışaq: şok xəbər:
Bu gün Azərbaycanda mədəniyyət yoxdur!
(Xahiş edirik ki, bu hökmü «Azərbaycanın mədəniyyəti yoxdur!» kimi anlamayasınız!), söhbət Böyük Mədəniyyətdən gedir. O Böyük Mədəniyyətdən ki, daşıyıcıları Böyük Üzeyir, Böyük Bülbül, Böyük Niyazi, Böyük Qara, Böyük Səttar, Böyük Üzeyir, Böyük Rəsul, Böyuk Xudu və daha neçə-neçə Böyüklər olmuşdular. Biz o uzaq mədəniyyət abidlərini, onlardan qalan abidələri nəzərdə tuturuq. Ayrı-ayrı passionarların dartıb aparmağa gücünün çatmadığı Böyük Mədəniyyət artıq öz canını sürümək məcburiyyətindədir. Ola bilsin ki, bu məqalədən dərhal sonra «HESABAT»ı qurşaqdan aşağı zərbə endirməkdə günahlandıranlar tapılsıın. Amma bizim də günahımız yoxdur ki, belələri yalnız qurşaqdan aşağıdan ibarətdir və zərbəni hara endirsək də gedib Qurşaqdan aşağı düşəcək.

GÖBƏK RİTMLƏRİ

Bu məqalənin altında imza olmayacaq.
Çünki, «HESABAT»ın üslubuna görə, dərgini hazırlayanların imzaları jurnalın üz qabığının arxasında, ümumi heyətin tərkibində gedir. Amma mən bununla kifayətlənməyib yazıram ki, oxuduğunuz sətirləri Mir Şahin yazır və yazacağım hər bir kəlməni, hər bir saiti, hər bir samiti, hətta Yeni Qrammatika qanunları tərəfindən hüquqları kobudcasına pozulan halalca apostrofumu belə qorumağa hazıram.
Azərbaycan mədəniyyətinin soyqırımıdır.
Mənəviyyatımız yalnız bir orqanı ilə inkişaf edən mutanta bənzəyir. Yalnız musiqi, yalnız aşağı əyarlı musiqi, yalnız diringi və yalnız yüngül musiqi. Başa yox, ombadan aşağı işləyən musiqimizi dinləyən dinləyicilər musiqinin ruhuna qatılıb uyumaq yox, ifaçı ilə yatmaq barədə düşünür. Yatanlarda var. Bu yaxınlarda eşitdik ki, hansısa zarafatcıl məmur düzgün hesablamayıb, ya da qəsdən əyri yatıb və ifaçının nəzərdə tutulan yeri əvəzinə, planlaşdırılmayan hissəsi əməliyyata məruz qalıb. Və belə müğənnilər ölkəmizin vizit kartına çevrilir. Azərbaycan ordusunun edə bilmədiyini onlar «edir». Müdafiə Nazirliyininin neçə illərdir ki, allahın (bizim yox ha, məhz allahın) və bir az da ermənilərin Stepanakertində qaldıra bilmədiyi bayrağımızı xanım müğənnilərimiz daha kimlərinsə nələri ilə birlikdə dünyanın hər bir yerində böyük fədakarlıqla qaldırır. «Onlar hər yerdədir. Onlarla heç kim rəqabət apara bilməz!». La ilahə illəllah, bu ki, ANS-in sloqanındandır. Bu hardan yadıma düşdü. Bəlkə ona görə ki, az sonra ANS-in yaranma şəraitini, odlu-alovlu dava vaxtını xatırlayacaq, ilk ezamiyyətlərimizi yada salacam. Və o da yadıma düşəcək ki, 1992-ci ilin iyununda Az.TV-nin binasının qapısı qarşısında…
Nə? Nə idi o allah? Az.TV-nin binasının qapısı ağzındakı toplu. O nə müdhiş aksiya idi. Cəmi 50-60 nəfər və bəşəriyyət boyda əzəmət…
Bu gün mədəniyyət ərazimiz demək olar ki, tamam işğal altındadır. Yox, qardaşım, bu daha BMT-lik deyil. Burda qətnamə yox, qəti namə lazımdır. Özü də özümüzün qəti naməmiz. Milli Kiçikliyimizin ortaya qoyduğu zatlar öz kiçikliyini bizə diqtə etdikcə böyüklüklər barədə öyrəndiklərmiz yaddan çıxır. Müğənni epidemiyasının virusları bütün Azərbaycanı başına alıb. Şer aludələrimiz öz yerini oxuyub çalanlara verib. Əvvəl şerlə incələşən ürək əzələlərimiz, indi musiqi ilə kövrəlir. Bu ölkənin kişilərini idman döyüş növlərinə cəlb etmək çətinləşir. Səbəbi aydındır: gəlirli sahə deyil. Hər şeyi sənətə qurban verməyə hazıram deyib- daha çox fahişəliyin bir addımlığında dayanan 17-19 yaşlı qızlarımızla bu qızların gələcək adaxlılarının zənənə gözəlliyi adamın ürəyini bulandırır. Onlar hər yerdədir. Onlarla heç kim… Əstəğfhürüllah! Yenə də bizim sloqan;
Filmlərə aktyor çəkilmir-müğənnilər çəkilir.
Verilişlərə peşəkar aparıcılar yerinə müğənnilər dəvət olunur.
Reklam çarxlarında müğənnilər…
Ən bahalı maşınlarda minildikcə bahalaşan müğənnilər…
Birinci Dağlıq Qarabağ davasında qolunu, ayağını, sağlamlığını itirmiş (qəhrəman əvəzinə!!!) əlil oğullarımızı kolyaskadan «Oka»ya mindirməsini qürrə ilə reklam edən hökumət yəqin ki, bir az da utanar. Çünki..
Bu gün Azərbaycanda iki yer var ki, şərəfi Məkkəyə bərabər tutula bilər. Bunlardan biri Şəhidlər Xiyabanıdır. İldə bir dəfə hamımızın baş çəkdiyi ocaq. Doğrudur, bu xiyabanı ziyarət edənlərə, Həcc zəvvarlarına Hacı, Məşhəd zəvvarlarına Məşhədi, Kərbəla zəvvarlarına Kərbəlayı deyildiyi kimi ya Xiyabani, ya da Şəhidi deyilmir. Amma nominal olsa da bu ziyarətlər baş tutur və Azərbaycanın bir nömrəli ziyarətgahı adına iddialı olan bu guşənin şəhərin, paytaxtın, Azərbaycanın yuxarı başında olmasının məntiqi və haqlı əsası var.
İkinci müqəddəs ziyarətgah isə hər bir Qarabağ əlilinin evidir. Əlil tanıyıram ki, əlini dəfn edib və hər il onu torpağa tapşırdığı gün qəbr üstünə gedir. Belə insanları mən yarı canı o, yarı canı isə bu dünyada olan yarımcanlar kimi qəbul edirəm. Bəli, onların yarı canı torpağın altındadır. Vətən deyilən nəsə canlıdırsa məhz o yarıcanların hesabına canlıdır.
Əlil arabasından (kolyaskadan) əlil arabasına (maşına) minə-minə tarixə üz tutan müharibə veteranlarının yanından şütüyüb keçən müğənni inomarkaları.
İoneskunun kəgrədan etalonunu bu gün Azərbaycanda meydan tüpürcəkləyən şou-biznes liderlərinə böyük dəqiqliklə aid etmək olar. HƏR ŞEYİN BAŞI onlardır. Və ya onlar HƏR ŞEYİN BAŞIDIR. Yaxşıdır ki, müğənni epidemiyası siyasətə daraşmayıb. Yoxsa hansısa müğənninin ağlına 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkisinə qatılmaq da gələ bilərdi. Və bu zaman «Bizdə şer var, sənət (sənətçi-oxuyan. Səməd Vurğuna «düzəliş» mənə məxsusdur. M.Ş.) də vardır, şerə sənətə hörmət də vardır»-deyən elektoratın mövqeyi həlledici ola bilərdi. Doğrudan da heç kəsin öz ayranına turş demədiyi qatıqlığın içində kimdir qaymağa baxan?
Hər kəs öz «şipşirin» ayranını seçəcək...
Mən əlil qardaşımızın OKA-sına minirəm və gedirəm.

MƏTLƏBƏ SÖZ VƏ AT ARDI

1992-ci ilin iyununda, Azərbaycan Dövlət Teleradioverilişləri Şirkətinin qapısı ağzında təxminən 50-60 nəfərlik bir toplu görmüşdüm. Toplu Ağdərə cəbhəsində şəhid düşmüş (QALXMIŞ!!!) həmvətənlərimizin qohum-əqrəbaası, dost-tanışlarından ibarət idi ki, televiziya rəhbərliyindən «Ulduzlu» verilişdə həlak olmuş övladları barədə reportaj verilməsini xahiş etmək istəyirdi. (Onlar «Torpaq əgər uğrunda ölən varsa vətəndir!» proqramını öz aralarında belə adlandırırdılar). O zaman sədr Məmməd İsmayılın köməkçisi Hikmət dərdindən qürur duyan bu insanlara başa salmağa çalışırdı ki, həlak olanlar çoxdur, hamı haqqında veriliş vermək imkan xaricindədir. Amma yenə də bacardığını edəcək. Qoy onlar şəhidlərin adlarını, soyadlarını, həlak olduqları yer, son döyüşləri barədə məlumat yazıb qoysunlar. Bu zaman Tale adlı bir nəfər deyəsən Ağdamda vuruşan qardaşı Valehin də adını çəkdi və xahiş etdi ki, onun da «dannılarını» götürsünlər. Sədr köməkçisinin nə dediyi indi də qulağımdadır: «Rəhmətliyin nəvəsi, nə qoyub nə axtarırsan, burda bir ordu şəhid növbəyə durub, sən də başlamısan qardaşımı çəkin. Qardaşının istədiyini yaz ver «Durna teli»nə. Bax elə belə də dedi: «Yaz ver «Durna teli»nə!». ( «Durna teli» əskərlərin arzuladığı musiqi nömrələrindən təşkil olunan populyar bir proqram idi…). Xülasə oğlan əməlli başlı utandı da. Buna səbəb də var idi: «Başqaları şəhid olub. O isə sağ-salamat qardaşı haqqında süjet istəyir». Ürəyində bəlkə də özünü qınayırdı: «Heç yeri idi?» Nəsə, o 50-60 nəfər (Tale ilə birlikdə təbii ki…) yarı narazı, yarı razı TV-nin önündən çəkilib getdilər. Sonra nə baş verdiyini xatırlamıram. Bilmirəm o 50-60 nəfərin şəhid övladları (qardaşları, ataları, ərləri, nişanlıları, nəvələri…) haqqında Az.TV. sonra bir şey verdi ya yox. Heç həmin O Taleyin də qardaşının aqibətindən xəbərim olmadı. Bəlkə sağdır. Bəlkə şəhid oldu və onun da haqqında süjet verdilər. Amma yadımdan o hadisə heç vaxt çıxmır.

BİR ÖZGƏ XALQ

Bu bir ayrı zamanın ovqatı idi. O zaman oxuyub-çalmaq TV-yə düşməyin 10 yolundan onuncusu ola bilərdi. O zaman «Ulduzlu» proqramlar dəbdə idi. Mahnı da var idi. Amma o mahnıları o əskərlər «Durna teli»nə qoşub qohumlarına yollayar, ya da qohumlarından «Durna teli»nə bükülü salam alardılar. 1992-ci ilin iyun ayında, Az.TV qarşısında keçən həmin o söhbətin baş verdiyi vaxtda dünyaya gələn uşağın gələn ay 16 yaşı tamam olacaq. Özünü ulduzluğa sınamaq üçün əsil məqamdır. Belə çıxır ki, o vaxt Az.TV-nin binası qarşısında həmin söhbəti edənlər həm də ona görə çalışırmışlar ki, 16 yaşlı təzə ulduzcuqlar öz havalarını oxumaq imkanı qazansınlar.
… Yaşlı kişi utana-utana (rayonunun adını qəsdən yazmıram. Bunun da bir az sonra adını çəkdiyim oxuyanlar kimi fərqi yoxdur) mənə yaxınlaşdı və dedi ki, uşağını mənə göstərmək istəyir. Burada qəribə bir şey görmədim. O qədər yaşlı kişi o qədər uşağını göstərib ki, mənə və soruşub da: «Bundan jurnalist olmacaqsa kömək et!» Amma bu dəfə yaşlı kişi utana-utana danışırdı. «Qaçaq Nəbi» filmində Şahmar Ələkbərovun yaratdığı maraqlı obraz yadınızdadır? Arvadının göyçək olması səbəbindən kəndxudanın guya ona gözü düşdüyünü deyən… Bax o anda həmin kişinin üzündə həmin ifadə var idi. Qərəz, yaşlı kişi bir az aralıda dayanmış 16-17 yaşlı qızını göstərdi və dedi ki, əla oxuyub oynamağı var. Amma atasının yanında oxumağa bəlkə utandı. Ona görə də mən ona təklikdə baxım. Belə-belə işlər… Mən baxmadım. Onu başqa bir telekanala göndərdim. Çünki onun istədiyi müsabiqə bizim kanalda efirdə getmirdi…
Ən gülüncü isə bilirsiniz nədir?
O uşaqlar hansısa mərhələyə çıxanda, ya da çıxmayanda bundan nə boyda təntənə və ya matəm qayırırlar?! Elə bil ki, hansısa yüksəkliyi ya tutublar, ya da əldən veriblər…
Bəli bu artıq bir başqa xalqdır.
Bu artıq bir özgə xalqdır.
Bu artıq bir YAD xalqdır.
Doğma torpağına və doğma dəyərlərinə Yad.
Onun ədəbiyyatının son səhifələri çevrilməkdədir.
Onun kinorsunun pərdəsi enir.
Onun musiqisi son zəng çalır. Yalnız aşağı zövqlərə hesablanan, bayağı estrada və bu estradanın layiq olmadığı həyat və şöhrət mühitində ərköyünləşən qurama, oyuncaq «ulduzları» var. Azərbaycanın Baş Sarayında konserti təşkil edilmiş ən bərq vuran işıldaböcəyimizin şousunu tutaq ki, BEYONSE, yaxud Cenifer Lopesin konserti ilə müqayisə etmək olarmı? Bu «NEFTÇİ»ni «ÇELSİ» ilə tutuşdurmaq kimi bir şey olardı. Mən əlbəttə ad çəkmək istəmirəm. Onların Aygün Kazımova yoxsa Briliyant, Röya, yoxsa Rəqsanə, Ədalət və ya İlqar Muradov, İradə İbrahimova ya da Tünzalə olmasının mətləbə heç bir dəxli yoxdur. Məsələ heç də ayrı-ayrı fərdlərdə deyil. Bizi problemin özü-zövqlərin aşınması maraqlandırır. Sovet mədəniyyətinin bütün möhtəşəmliyi arxa plana keçdikcə, gözümüzün önündə vulqar, oyuncaq, altiernativ mədəniyyət imitasiyası canlanır. Biz bu gün Azərbaycan mədəniyyətinin başına corab hörən qondarma oxuyub-çalanların hay-küyü altında qocaman sənətin necə öldüyünü, canını tapşırarkən çıxardığı səsi eşitməyəcək qədər KARIQ. Və təbii ki, aşağı tonlu səslərdən akademik təhsil alan ulduzcuqların nəfəsindən də «Qayınana» balkonuna qədər qalxmaq gözləmirik. (Mən «Qayınana» filmində Flora Kərimovanın balkonda ifa etdiyi «Mən elə bir dilbərəm!» partiyasını nəzərdə tuturam).
Bu gün Azərbaycanda tanınmağın cəbhə imkanlarını teleməkan fürsəti yeyib oturub… Müğənnilərin aşağı zövqünün doğub törədiyi söz, misra bicləri, fikir zir-zibilləri dahi Ramiz Rövşəni dirigözlü torpağa gömür. Bu gün onların ifa etdiyi musiqiyə yazılmış söz artıq-urtuğu Azərbaycan ədəbiyyatının bütün ölüb-keçənlərinin ruhunu murdarlamaqdır. Onlar hər yerdədir və onlarla heç kim…Tfu…
…TV-nin rolunu şişirtmək niyyətində deyiləm. Amma heç şübhəsiz ki, Poznerin təbirincə desək, TV-də ardıcıl nümayiş etdirilən at ardının populyarlaşmasında qeyri-adi heç nə axtarmaq lazım deyil. Amma bir vaxtlar Televiziya toylara çağırılmayan müğənnilərin Böyük Sənət nümayiş etdirdiyi podium idi. Toy müğənniləri isə öz yerini bilirdilər. Onlar TV və Radioya çıxışı bir bayram, həyatlarının əlamətdar günləri kimi qəbul edirdilər. Necə deyərlər, ortada balans var idi. Aşağı səviyyəli, toyxana kalibrli müğənnilər pul qazanırdılar, böyük musiqinin ətəyindən tutub gedənlər isə ad. Elə bu səbəbdən də hər iki qütb razı idi. Əməkdar artist, Xalq artisti kimi fəxri adları toy müğənnilərinə vermirdilər. Və bütün bunlar Azərbaycanın böyük mədəniyyəti adına edilirdi. İndi isə böyük sənət deqradasiyaya uğrayır. Pulu da, adı da toyxana müğənniləri qazanır. Azərbaycanın klassik mədəni ənənələri isə məhv olub gedir. Böyük Sabir Mirzəyev balaca Aygün Hümbətovanın boyu kölgəsində görünməzləşir. SözMusiqiSərrafları-xalqköhnə ayları doğrayıb «ulduz» qayırır.

Bu gün Azərbaycanda mədəniyyət demək olar ki, yoxdur: var mədh (!) əniyyət, mə»də(!)niyyət və bədən (!) iyyət…

Birinci yazının sonu...

HESABAT jurnalı


Şərhsiz... Mir Şahin dahisi...

Reference: ANS

Message of Americans to Muslims in America...

clipped from news.bbc.co.uk
Graffiti defaces mosque at the Islamic Center of America January 23, 2007, in Dearborn.
 blog it